Yeni Azərbaycan Partiyasının yarandığı
tarixi şəraiti düzgün qiymətləndirmədən, o dövrdə Azərbaycanda mövcud olan
ictimai-siyasi, hərbi və iqtisadi vəziyyəti obyektiv şəkildə analiz edib, dəyərləndirmədən
Yeni Azərbaycan Partiyasının və bu partiyanın şəriksiz lideri, Ulu Öndər Heydər
Əliyevin tarixi xidmətlərini qiymətləndirmək mümkün deyil.
Keçmiş SSRİ məkanında baş verən hadisələr
müxtəlif mərhələlərdən keçərək, SSRİ-yə daxil olan 15 müttəfiq respublikanın, o
cümlədən də Azərbaycanın öz dövlət müstəqilliyini elan etməsi ilə nəticələnmişdi.
Həmin dövrdə Azərbaycanda olduqca mürəkkəb şərait müvcud idi. Xalqı öz ətrafında
birləşdirə biləcək mərkəzi hakimiyyətin olmaması ucbatından vaxtaşırı olaraq
1988-ci ildən etibarən bir-birinin ardınca hakimiyyət dəyişikliyi vaş verir, özlərini
demokratik qüvvələr adlandıran, əsil həqiqətdə isə Moskvanın təhlükəsizlik xidmətinin
gizli əməkdaşlar olan qaraguruh nəyin
bahasına olursa-olsun siyasi hakimiyyətə yiyələnmək istəyirdi. Hər iki tərəfin
seporat danışıqları əsasında formalaşdırılmış Ali qanunverici orqan –Ali Sovet
(hazırki Milli Məclis) yeni dövrün reallıqlarını nəzərə alaraq qanunvericilik
bazasını yaratmaq əvəzinə intiriqa yuvasına, söz savaşı meydanına çevrilmişdi. Dövlət
idarəetmə sistemi çökmüş, sözün əsil mənasında iflic vəziyyətinə düşmüşdü. Onlar
hakimiyyətlərini ömrünü uzatmaq üçün ilk dövrlərdə Moskvanın buyruqqulu rolunu
oynayır, daha sonra isə dırnaqarası demokratlarla sövdələşmələr edirdilər. Ordu
quruculuğu kimi mühüm sahə Etibar Məmmədov, Rəhim Qazıyev və digərləri kimi
keçmişləri qaranlıq olan, kimə xidmət etdikləri bəlli olmayanlara həvalə
edilmişdi. Ordu yaradaraq torpaqlarımızı
erməni və onların havadarlarının təcavüzündən qorumaq əvəzinə ayrı-ayrı şəxsi
maraqlarını və xarici qüvvələrin siyasi sifarişlərini yerinə yetirənlərin başıpozuq
silahlı dəstələrini formalaşdırmaqla məşğul
idilər. Yuxarı Qarabağda və ətraf rayonlarda yaşayan əhali taleyin ümidinə
buraxılmışdı. Məsələnin ən xoş olmayan tərəflərindən biri bu idi ki, qeyd
olunan ərazilərdə yaşayan əhali elə düşünürdü ki, onların taleyi ilə maraqlanan,
onların müdafiəsini təmin edəcək mərkəzi hakimiyyət var. Əgər Yuxarı Qarabağda
və ətraf rayonlarda yaşayan əhali bilsəydi ki, onlar öz talelərinin ümidinə
qalıblar, onda özlərinin müdafiəsi, təhlükəsizlikləri haqqında daha etibarlı tədbirlər
görə bilərdilər. Bundan istifadə edən ermənilər və onların havadarları
bir-birinin ardınca 1991-ci ilin ikinci yarısından etibarən keçmiş Dağlıq
Qarabağ Muxtar Vilayyətinin ərazisində yerləşən azərbaycanlılar yaşayan yaşayış
məntəqələrini işğal etməyə başladılar və 1992-ci ilin mayında artıq Şuşa və Laçın
rayonları, 1993-ci ilin aprelində isə kəlbəcər rayonu ermənilər tərəfindən tam
işğal edildi. Ermənistanla Dağlıq Qarabağ arasında bütün ərazi tamamilə Ermənistanın
nəzarətinə keçdi. Təbiətin yaratdığı alınmaz qala olan Şuşa xəyanətin qurbanı
oldu. AXC hakimiyyətə gəlmək üçün Şuşa və Laçında olan silahlı qüvvələri Bakıya
çəkərək hərbi çevriliş yolu ilə hakimiyyəti ələ keçirdilər, ermənilər isə heç
bir müqavimətlə qarşılaşmadan ərazilərimizi ələ keçirdilər. Beləliklə, ermənilərin
əli-qolu açılaraq ətraf rayonların işğalı üçün şərait yarandı.
Hərbi sahədə Azərbaycanda real mənzərə bundan
ibarət idi. İqtisadiyyat tamamilə çökmüş, ictimai-siyasi sabitlik pozulmuş, dövlət
idarəetmə sistemi çökmüşdü.
Ulu Öndər Heydər Əliyevin qətiyyəti, dövət
idarəetmə sahəsindəki təcrübəsi, beynəlxalq aləmdə malik olduğu nüfuzu və digər
keyfiyyətləri hesabına yeganə müdafiə olunan bölgə Naxçıvan idi. Xəyanətkar
qaraguruh Heydər Əliyev şəxsiyyətindən xoflanaraq Naxçıvanda da dövlət
çevrilişi etməyə cəhd etdilər. O dövrkü Müdafiə naziri Rəhim Qaziyev və Daxili
İşlər naziri İsgəndər Həmidovun başçılığı ilə bir dəstə tam silahlanaraq
Naxcıvana göndərildi ki, Naxçıvanda dövlət çevrilişi edərək Heydər Əliyevi
hakimiyyətdən uzaqlaşdırsınlar. Lakin onlar bu məkirli niyyətlərini reallaşdıra
bilmədilər. Naxçıvan əhalisi özünün xilaskar oğlunu müdafiə etdi və Naxçıvana
göndərilənləri oradan qovdu.
AXC-Musavat cütlüyü hakimiyyəti qəsb etdikdən
keçən qısa dövr ərzində xalqımız bunların kimliyini dəqiq müəyyənləşdirdi və aydın oldu ki, əgər bunlar hakimiyyətdə
qalarlarsa əsirlər boyu xalqımızn arzusunda olduğu dövlət müstəqilliyimiz
itirilə bilər və ərazilərimiz tamamilə ermənilər tərəfindən işğal edilər.Belə
bir şəraitdə xalqımız yeganə ümid yerinin
Heydər Əliyevə müraciət etməklə, onu yenidən Azərbaycanda siyasi
hakimiyyətə qayıtmasında görürdü.
Xalqımızın Ümummilli Lideri Heydər Əliyev
Azərbaycanın mövcud durumunu qiymətləndirərək, dövlətimizi və xalqımızı düçar edildiyi bəlalardan
xilas etmək üçün edilən müraciətlərə müsbət cavab verdi və belə bir ağır şəraitdə
Yeni Azərbaycan Partiyası təsis edildi. Vahid Əliyev,
YAP
Xocalı rayon təşkilatının sədri